Naxçıvan Muxtar Respublikasında cəmiyyət üçün aktual olan mövzular üzrə məlumatlandırma və maarifləndirmə tədbirləri oktyabr ayında da davam etdirilib. Aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirlərdə sosial, hüquqi və ictimai məsələlərə dair çıxışlar edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları Ordubad rayonunda “Hərbi vətənpərvərlik: vətəndaşlıq borcumuz və konstitusion vəzifələrimiz”, Kəngərli rayonunda “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri”, Naxçıvan şəhərində isə “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması, uşaqların və gənclərin zərərli vərdişlərə aludəçiliyinin profilaktikası” mövzularında keçirilən tədbirlərdə çıxış ediblər.
Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, hüquqi biliklərinin artırılması, narkomaniya və tütün istifadəsinin fəsadları, eləcə də zərərli vərdişlərin profilaktikası istiqamətində maarifləndirmənin əhəmiyyəti vurğulanıb.